Hindenburq (dirijabl)

"Hindenburq"un qəzaya uğradığı an

Hindenburq (dirijabl), LZ 129 Hindenburg (Luftschiff Zeppelin №129) — 6 may 1937-ci ildə ABŞ-də qəzaya uğrayaraq 36 nəfərin ölümünə səbəb olan alman dirijablı. Almaniya prezidenti Paul fon Hindenburqun şərəfinə adlandırılmışdır.

Nəhəng gümüşü dirijabl Atlantik okean sahillərindən Nyu-Yorka tərəf hərəkət edirdi. Aşağıda- eyvanlarda, həyətlərdə, küçələrdə minlərlə insan isə onu təntənə ilə qarşılayırdı. Şahidlərin sözlərinə görə o, nəhəng qeyzerə bənzəyirdi. Bəziləri onu yanan şəlaləyə oxşadırdı. Səma nəhəngi "Hindenburq" cəmi 4 saniyəyə külə döndü.

"Hindenburq"a Avropadan Amerikaya gəlmək üçün cəmi 2 gün kifayət etdi. 1937-ci ildə bəşəriyyət hava okeanına qalib gəldi. Qalib olmaq isə əsl alman soyadlı kapitana- Maks Prussa qismət oldu. Atlantikadan keçən yolda "Hindenburq" Britaniya hərbi eskadrası üzərindən keçirdi. Britaniya ordusun gəmiləri salamlama əlaməti olaraq siqnal verməli idilər. Lakin, onlar elə bil ki, 140 km/saat sürətlə hərəkət edən nəhəng dirijablı görməmişdilər. Yəqin ki, ingilislər Birinci Dünya müharibəsində qalib gəldikləri almanların onları hava nəqliyyatında necə öncələdikləri ilə barışa bilmirdilər. Axı, inglislər hələ də "Hindenburq"a bənzər bir şey yarada bilməmişdilər.

LZ-129 nömrəli bu nəhəng öz vətənində III Reyxin fəxri hesab olunurdu. "Hindenburq" alman zehninin və texnologiyasının ən nümunəvi bəhrəsi idi.

XX əsrin 30-cu illərində dirijabllar insan bəşəriyyətinin ən müasir və dəbli uğuru hesab olunurdu. Onlar təkrar yanacaq doldurulmadan o zaman üçün böyük məsafə qət etmək imkanlarına malik idi. Dirijabllar vasitəsilə yüzlərlə ton lazımi məhsul daşınırdı. Müharibə zamanında isə bombardmançı qismində çıxış edə bilirdilər. "Hindenburq" öz dövrünün ən möhtəşəm dirijablı idi. O, öz xüsusiyyətlərinə görə "Titanik"ı da xatırlayırdı. Gümüşü korpusun uzunluğu 248 metr idi. Gəminin göyərtəsi 16 yerə bölünmüşdü. Yuxarı hissədə 26 yerlik kayut, restoran, bar, salon və oxu zalı mövcud idi. Aşağı hissədə isə siqaret çəkmək üçün yerlər, hamam, ayaq yolları və mətbəx yerləşirdi.

Özünün çoxsaylı kayut və barları ilə "Hindenburq" öz-özlüyündə nəhəng "hidrogen bombası" idi. Nəhəng dirijablın içində olan 15 balonda iki yüz min kub metr ən tez alışan qaz yerləşirdi. Kiçik bir qığılcım kifayət edərdi ki, dirijabl alışsın. "Hindenburq"un yaradıcısı Quqo Eknerın hesablamalarına görə əgər hidrogen əvəzinə dirijabl alışmayan helium ilə doldurularsa, dirijabl daha da qarşısıalınmaz olacaq. Lakin o zaman heliumun yeganə təbii mənbəyi ABŞ-də Texas ştatında yerləşirdi. Buna görə də Amerika öz şərtlərini diqtə edə bilirdi. Almaniya cəmi bir milyon kub metr helium əldə etmək üçün çox şeydən keçməyə hazır idi, lakin ABŞ konqresi heliumun nasistlərə satılmasının qarşısını alan xüsusi qanun çıxarmışdı.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy